ELM VƏ TƏHSİL
Bakıda “Puşkiniana-2022” layihəsi çərçivəsində Puşkin imlası keçirilib
Bakı, 16 may, AZƏRTAC
“Puşkiniana-2022” layihəsi çərçivəsində “Baku Modern” təhsil kompleksində Puşkin imlası keçirilib.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, imlada Bakı və Sumqayıt şəhərlərinin orta ümumtəhsil müəssisələrinin 7-ci və 8-ci siniflərində oxuyan 47 şagird iştirak edib.
Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina imla iştirakçılarını salamlayaraq deyib: “Böyük yazıçı, dramaturq və şair Aleksandr Sergeyeviç Puşkin bütün dövrlərdə aktualdır, onun əsərləri sayəsində nəsillər arasında möhkəm mədəni əlaqələr yaradılır”.
Qeyd edək ki, Puşkin imlasının qaliblərinin təltif mərasimi bu il iyun ayında “Puşkiniana-2022” layihəsinin başa çatması mərasimində ayrıca nominasiya kimi keçiriləcək.