CƏMİYYƏT
Bakıda “Yaşıl planet” beynəlxalq tələbə məktəbi təşkil edilib VİDEO
Bakı, 21 oktyabr, Həsrət Mahmudova, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və “Ekosfera” Sosial-Ekoloji Mərkəzinin birgə əməkdaşlığı şəraitində Bakıda “Yaşıl planet” beynəlxalq tələbə məktəbi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə, eləcə də MDB Dövlət Başçıları Şurasının qərarı ilə təsdiq edilmiş “MDB üzv dövlətlərinin 2018-2020-ci illər üçün humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planı”na uyğun olaraq həyata keçirilir.
Layihə çərçivəsində MDB və Baltikyanı ölkələrdən olan gənclər ictimaiyyətin diqqətini ətraf mühit problemlərinə cəlb etmək, bu sahədə bilik, bacarıq və təcrübə mübadiləsi aparmaq və təlim keçmək məqsədilə Azərbaycanda toplaşıblar.
Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, “Yaşıl planet” gənclərin iştirakı ilə reallaşdırılan növbəti ekoloji layihədir. Layihə çərçivəsində, həmçinin müxtəlif ölkələrdə həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılacaq, təqdimatlar nümayiş etdiriləcək. Layihə iştirakçılarına Azərbaycanda ekologiya sahəsində görülən işlərlə bağlı ətraflı məlumat veriləcək.
Qeyd olunub ki, bu cür layihələrin həyata keçirilməsi ekologiya sahəsində çalışan gənc mütəxəssislər arasında əlaqələrin qurulmasına və gələcəkdə birgə əməkdaşlığa müsbət təsir göstərəcək. Azərbaycanda ekoloji maariflənməyə və ətraf mühitin qorunmasına dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Azərbaycan gəncliyi ilə bağlı bu günə qədər qəbul edilən bütün dövlət proqramlarında bu məsələ əksini tapıb. Təsadüfi deyil ki, 2010-cu il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda “Ekologiya ili” elan edilib. Bu gün Azərbaycanda bu sahədə aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar tərəfindən maraqlı layihələr həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyi bu sahədə mühüm layihələr reallaşdırır. IDEA həm ölkə, həm də beynəlxalq miqyaslı tədbirlər təşkil etməklə gənclər arasında ekoloji maariflənmə işi aparır. Gənclər və İdman Nazirliyi də bu mövzuda bir neçə layihə həyata keçirib. Bu layihələr davamlı olacaq.
Milli Məclisin gənclər və idman komitəsinin üzvü Sevinc Hüseynova bildirib ki, ekoloji problem bu gün dünyadakı ən aktual məsələlərdən biridir. Biz ətraf mühiti məhz insanlardan qorumalıyıq. Çünki ekologiyaya ən böyük zərər insan fəaliyyəti nəticəsində dəyir. Müstəqillik dövründə Azərbaycanda ətraf mühitin qorunması sahəsində çox güclü hüquqi baza yaradılıb, 25-dən çox normativ hüquqi akt və qanun qəbul olunub. Biz ətraf mühitə zərər verilməməsi üçün ictimai qınağı artırmalıyıq. Bu sahədə əsas məsuliyyət gənclərin üzərinə düşür. Çünki gələcəyimizə onlar cavabdehdirlər.
“Ekosfera” Sosial-Ekoloji Mərkəzinin sədri Firuzə Sultanzadə rəhbəri olduğu qurumun 20 illiyində belə bir keçirilməsindən məmnunluğunu bildirib. O, planetimizin mühafizəsi istiqamətində layihələrin davamlı olmasının vacibliyini vurğulayıb.
Oktyabrın 20-dən işə başlayan yeddigünlük “Yaşıl planet” məktəbində gənclər ətraf mühitin qorunması və ekoloji liderlik sahəsində seminar və ustad dərslərində iştirak edirlər. İştirakçılar, həmçinin Bakının görməli yerləri, Azərbaycanın tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanışlıq imkanı əldə edəcəklər. Beynəlxalq layihədə 100 gənc iştirak edir.