REGİONLAR
Bərdədə erməni terroru – AZƏRTAC rayon mərkəzi xəstəxanasından xəbər verir





Bərdə, 28 oktyabr, N.Məmmədov, foto T.Babayev, AZƏRTAC
Ermənistan silahlı qüvvələri oktyabrın 28-də yenidən Bərdədə dinc sakinləri “Smerç” raketləri ilə atəşə tutub. Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 21 dinc sakin həlak olub, 70-ə yaxın mülki şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri Bərdə Rayon Mərkəzi Xəstəxanasında olub, yaralıların vəziyyəti ilə maraqlanıb.
Xəstəxananın baş həkimi Əliyar Sərvərov bildirib ki, indiyədək xəstəxanaya 40-dan çox yaralı daxil olub: “Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır. Hazırda əməliyyat prosesi gedir. Aralarında 15-16 yaşlı uşaqlar da var. Onlardan biri - 16 yaşlı oğlan döş qəfəsindən ağır qəlpə yarası almışdı, təəssüf ki, onun həyatını xilas etmək mümkün olmadı. Hazırda bütün həkimlərimiz iş başındadırlar və var gücləri ilə yaralıların həyatlarını qurtarmaq üçün çalışırlar”.