REGİONLAR
Cəlilabadda Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilən abidə kompleksi açılıb
Cəlilabad, 10 noyabr, İlkin Adıyev, AZƏRTAC
Cəlilabad rayonunun Soyuqbulaq kəndində Qarabağ şəhidlərinin xatirəsinə inşa edilmiş abidə kompleksinin açılış mərasimi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirən, rəşadətlə döyüşərək şəhid olan qəhrəmanların – Elçin Mərifət oğlu Ağayev və Famil Teyyub oğlu Mənsumovun şərəfinə inşa edilmiş abidə kompleksi tikilib.
Mərasimdə rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ziyalılar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.
Abidənin açılışında çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən cəlilabadlı döyüşçülərin həm Birinci Qarabağ, həm də Vətən müharibələrində qəhrəmanlıqlarından, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıblar. Vurğulanıb ki, məhz onların döyüş əzmi və Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində torpaqlarımız işğaldan azad olunub.
Mərasim iştirakçıları abidə kompleksinin önünə gül dəstələri düzüb, düşmən tapdağı altındakı torpaqlarımızın azad olunmasında qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış döyüşçülərin xatirəsini ehtiramla anıblar.