ELM VƏ TƏHSİL


Coğrafiyaçı alimlər Oxçuçay hövzəsində landaşft-ekoloji tədqiqatlar aparıblar

Bakı, 27 may, AZƏRTAC

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktorları, şöbə müdiri dosent Mirnuh İsmayılov və Səidə Zeynalova Oxçuçay hövzəsində tədqiqat aparıblar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ekspedisiyanın məqsədi Oxçuçay hövzəsinin Azərbaycan ərazisinə aid hissəsinin irimiqyaslı landşaft xəritəsinin tərtibi, ərazinin landşaft-ekoloji vəziyyətinin qiymətləndirilməsi, çay axınına landşaftların təsirinin, hövzə ekosistemlərində işğal dövründə yaranmış antropogen pozulmaların öyrənilməsi və s. olub.

Alimlərin sözlərinə görə, Oxçuçayın Azərbaycan ərazisindən keçən 43 kilometrlik hissəsinin 10 kilometri bilavasitə Ermənistanla Azərbaycan arasında hazırkı dövlət sərhədinə uyğun gəlir. Onun 32,2 faizi meşə-kolluqlar, 32,1 faizi kserofit bozqırlar, 12 faizi quru bozqırlar və 6,9 faizi isə çay-dərə çəmən meşələrdən ibarətdir. Süsən, Piləsər, Ağcaqayın və Əsgülüm silsilələrinin çaya baxan yamacları dik olub, əsasən tektonik qırılmaya uyğundur. Vulkanogen süxurlardan təşkil olunmuş yamacların bəzən çılpaq qayalıqlarla, bəzən meşə və meşə-kolluqlarla örtülməsinin səth axınının nizamlanmasında, yeraltı axının yaranmasında və çayda sululuğun ilboyu qorunmasında çox əhəmiyyətli rolu var. Qısa məsafədə təbii landşaftların quru-bozqırlardan dağ meşələrinə doğru tədricən dəyişməsi və onlar arasında ekoloji koridor rolu oynayan Oxçuçayın təsiri ilə hövzədə unikal əhəmiyyətə və zənginliyə malik biomüxtəliflik yaranıb.

Mütəxəssislər apardıqları tədqiqatların nəticəsində müəyyən ediblər ki, işğal dövründə çay hövzəsi ekosistemləri ciddi landşaft-ekoloji təsirlərə məruz qalıb. Meşələr vəhşicəsinə talan edilib, sənaye əhəmiyyətli Araz palıdı, qoz ağacları, göyrüş və s. qırılmış, digər ağac və kol növləri isə yanacaq kimi istifadə edilib. Hazırda yaşıl görüntü yaradan bu meşəliklər, əslində vaxtilə ermənilər tərəfindən qırılmış ağacların kökü üstündə inkişaf edən topa şəkilli pöhrələrdən ibarətdir. Belə meşələrin yenidən bərpa edilməsi və qorunması Oxçuçay hövzəsinin unikal əhəmiyyətə malik təbii genefondunun gələcək nəsillərə çatdırılmasında əhəmiyyətlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.