ELM VƏ TƏHSİL


Elmi konfrans: Qarabağ kitabxanalarının tarixi, müasir durumu və gələcəyi

Bakı,18 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Qarabağ kitabxanaları: tarixi, müasir durumu və gələcəyi” mövzusunda respublika elmi konfransı keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Qarabağın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

BDU-nun prorektoru Əliş Ağamirzəyev müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin ölkəmizdə kitabxana-informasiya sahəsinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Bildirib ki, hazırda ölkə əhalisinin informasiya təminatının ödənilməsində mühüm rol oynayan kitabxana şəbəkələri məhz Ümummilli Liderin respublikamıza rəhbərliyinin birinci dövründə formalaşıb: “Əfsuslar olsun ki, erməni silahlı birləşmələrinin hərbi təcavüzü nəticəsində Qarabağdakı kitabxana infrastrukturu tamamilə dağıdılıb. Erməni vandalizminin qurbanı olan bu böyük informasiya mərkəzləri məhv edilib, miqyası milyonlarla ölçülən sənəd fondları yandırılıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğala son qoyub. Torpaqlarımızın azad olunması nəticəsində Cənubi Qafqazda yeni reallıq yaranıb. Hazırda bu torpaqlarda geniş quruculuq işləri həyata keçirilir. Əminik ki, bugünkü konfrans Qarabağda kitabxana infrastrukturunun tarixi ənənələr nəzərə alınmaqla yenidən bərpası istiqamətində yeni konsepsiyanın yaradılmasında mühüm rol oynayacaq”.

Konfransın plenar iclasında BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, ADA Universiteti Kitabxanasının direktoru Elçin Məmmədov, Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva çıxış edərək, Qarabağda ilk kitabxanaların meydana gəlməsi, formalaşması və inkişafından, erməni vandalizmi nəticəsində kitabxana-informasiya infrastrukturunun məhv edilməsindən və azad Qarabağda gələcək kitabxana qurucuğulundan bəhs ediblər. Sonra BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılovun “Qarabağ kitabxanaları: mövcud durumu və gələcəyi”, Kitabxanaçılıq-informasiya fakültəsinin əcnəbi doktorantı, Əlcəzair vətəndaşı Lemounes Nour El Houda Djoumanın “Qarabağ kitabxanaları və erməni vandalizmi” mövzularında məruzələri dinlənilib.

Qeyd edək ki, konfrans işini bölmə iclaslarında davam etdirir. Konfransda ümumilikdə 40-a yaxın məruzənin dinlənilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.