SİYASƏT
Erməni təxribatları cəbhəyanı kəndlərin sakinlərini qorxutmur FOTO VİDEO
Ağdam, 6 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları artilleriya atəşinə tutmaqda davam edir. Lakin erməni təxribatları cəbhəyanı kəndlərin sakinlərini qorxutmur. Yaşayış məntəqələrində həyat öz axarı ilə davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Ağdam rayonunda məcburi köçkünlər üçün salınmış Səfərli qəsəbəsində evlərə, infrastruktura, kənd təsərrüfatına ziyan dəyib, xəsarət alanlar var. Lakin buna baxmayaraq, məcburi köçkünlərin əhval-ruhiyyəsi yüksəkdir. Qəsəbədə söhbət etdiyimiz sakinlərin hər birində nikbinliyin, qələbəyə inamın şahidi olduq.
Qəsəbə sakini Elməddin Mustafayev: "Düşmən bizim qəsəbəni demək olar ki, hər gün artilleriya atəşinə tutur. Məcburi köçkünlərin evlərinə, əmlaklarına ziyan dəyir. Dünən də qəsəbəyə bir neçə mərmi düşdü. Yaralananlarımız oldu. Ermənilərin bu vəhşiliyi bizi qorxutmur, ruhdan salmır. Əksinə, ordumuzun uğurları hər birimizdə böyük ruh yüksəkliyi yaradıb. Əminik ki, tezliklə bütün torpaqlarımız azad olacaq və biz öz yurdumuza dönəcəyik".
Digər məcburi köçkün Ramin Paşayev: Qəsəbəmizin atəşə tutulmasına, dağıntılara baxmayaraq biz buranı tərk etməmişik. Ailəmlə birgə evimizdəyik. Düşmən bilsin ki, yaşayış məntəqələrini atəşə tutmaqla heç nəyə nail ola bilməyəcək. Qələbə bizimlədir. İnşallah zəfərimizi Şuşada qeyd edəcəyik".
Təkcə oktyabrın 5-də ermənilərin Ağdam rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində mülki şəxslərdən 1 nəfər ölüb, 2 nəfər yaralanıb, sakinlərə məxsus 2 ev dağılıb, 37 ev, həmçinin yardımçı binalar, mağaza və bərbərxana, 1 uşaq bağçası zərər çəkib, 2 baş mal tələf olub.
Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.