Görkəmli xanəndə, Xalq Artisti Cabbar Qaryağdıoğlunun 150 illiyi qeyd olunmuşdur
Bakı, 14 may (AZƏRTAC). Mayın 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində milli xanəndəlik sənətimizin görkəmli nümayəndəsi, Xalq Artisti Cabbar Qaryağdıoğlunun anadan olmasının 150 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin əməkdaşları, Bakı Musiqi Kollecinin müəllim və tələbələri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Muzeyin foyesində muğam sənətinin korifeyi Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş etdirilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru, Əməkdar Elm Xadimi Zemfira Səfərova Cabbar Qaryağdıoğluna həsr etdiyi “Şərq musiqisinin peyğəmbəri” kitabı haqqında məlumat vermişdir. Bildirmişdir ki, bu kitab Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən hazırlanmışdır.
Xalq Artisti Canəli Əkbərov, professor Ənvər Əhməd və digər çıxış edənlər C.Qaryağdıoğlunun Azərbaycan muğam sənətinin inkişafında əvəzsiz xidmətlərindən və pedaqoji fəaliyyətindən danışmışlar.
Bildirilmişdir ki, C.Qaryağdıoğlu ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaşatmağa həsr etmişdir. O, Cənubi Qafqazda ən yaxşı xalq ifaçısı kimi şöhrət qazanmışdır. 1861-ci ildə Şuşada anadan olan C.Qaryağdıoğlunu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırmışlar. Onun oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir. Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz Cabbar Qaryağdıoğlunun tələbələri olmuşlar.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri - Əməkdar Artist Gülüstan Əliyeva və Səbuhi İbayev, Xalq Artisti Qəndab Quliyeva, Əməkdar Artist Nuriyyə Hüseynova, Qəzənfər Abbasov, Məhərrəm Həsənov və başqa xanəndələrin ifasında konsert proqramı təqdim edilmişdir.
Cabbbar Qaryağdıoğlunun ömür və sənət yolundan bəhs edən videofilm göstərilmiş, görkəmli sənətkarın səsi yazılmış diskdə “Heyratı” ritmik muğamı səsləndirilmişdir.