RƏSMİ XRONİKA
Hadrut qəsəbəsində 360 şagird yerlik məktəb binasının bərpa layihəsi ilə tanışlıq VİDEO
Xocavənd, 5 may, AZƏRTAC
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəbin bərpa layihəsi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verildi.
Bildirildi ki, bərpa olunacaq məktəb 1,9 hektar ərazidə yerləşir. Əsaslı təmir və yenidənqurma işlərindən sonra məktəbdə 15 sinif otağı, idman və akt zalları, yeməkxana, kitabxana, hərbi dərs otağı, 3 laboratoriya və 2 texnologiya otağı, informatika otağı olacaq. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları müasir avadanlıq və ləvazimatlarla təchiz ediləcək.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunmuş rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Hadrutda məktəb binasının tikintisi də bu işlərin tərkib hissəsidir.