CƏMİYYƏT
Hərbçi-alim Nurulla Əliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
Bakı, 28 aprel, AZƏRTAC
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev akademiyanın həqiqi (akademik) üzvü seçilib və onun fəxri üzvü statusu ilə təltif olunub.
AZƏRTAC xəbər verir ki, o, həmçinin türk dünyası hərb tarixi elminə verdiyi böyük töhfələrə və yüksəkixtisaslı zabit kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə akademiyanın “Beynəlxalq qızıl ulduz” medalına layiq görülüb.
Qeyd edək ki, akademiyanın medalına türk dünyasının çox məşhur simaları - Süleyman Dəmirəl, Rauf Denktaş, Çingiz Aytmatov, İhsan Doğramacı və başqaları layiq görülüblər. Azərbaycandan akademiyanın həqiqi üzvlüyünə görkəmli alimlərimiz akademik Ramiz Mehdiyev, akademik Arif Paşayev, akademik Cəmil Əliyev, akademik Xoşbəxt Yusifzadə, akademik Yaqub Mahmudov, akademik Nailə Vəlixanlı və başqaları seçiliblər. Nurulla Əliyev Azərbaycanda bu ada layiq görülənlər sırasında ilk hərbçi alimdir.
Nurulla Əliyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyinin mərkəzi aparatında işləyib. 1995-ci ildə döyüş bölgəsində xidmət edib. 1997-2010-cu illərdə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin rəisi olub, 2010-2015-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Çin Xalq Respublikasındakı hərbi attaşesi vəzifəsində çalışıb. O, Qarabağ döyüşlərinin iştirakçısı, Azərbaycanda ordu quruculuğu və zabit kadrların hazırlığı işinə kifayət qədər töhfə verən, bu sahədə böyük səylə çalışan, ölkəmizin hərb və hərbi-dənizçilik tarixi elminin təməlində dayanan yorulmaz tədqiqatçısı kimi uğurlar qazanaraq Azərbaycanın görkəmli simaları sırasına daxil olub. “Böyük Dərbənd Ensiklopediyası”nın tərtibçisi, 8 monoqrafiyanın, 43 kitab və dərs vəsaitinin, 11 tədris proqramı və metodik vəsaitlərin, o cümlədən respublikada və xaricdə çap olunan 162 elmi məqalənin müəllifidir.
N.Əliyev ilk dəfə vətən tarixşünaslığında, qədim zamanlardan XXI əsrin əvvəlinədək Azərbaycanın hərbi-dənizçilik tarixinin tədqiqatını aparıb. O, hərb tarixi elminin inkişafına dəyərli töhfələr vermiş alimlərdəndir. Onun “Azərbaycanda hərbi dənizçilik işi (X-XV əsrlər)”, “BAHDM yaranmasının tarixi aspektləri”, “Xəzər bölgəsində geosiyasi rəqabət və Azərbaycan”, “Şirvanşahların Hərbi-Dəniz Donanması”, “Azərbaycan hərb tarixi” “Ən qədim zamanlardan Birinci Dünya müharibəsinədək mühüm hərbi-siyasi hadisələrin xronoloji xülasəsi”, ikicildlik “Azərbaycan hərbi dənizçilik tarixi”, iki hissədən ibarət “Azərbaycan hərb tarixi. Ən qədim zamanlardan XVI əsrə qədər”, “Böyük Dərbənd Ensiklopediyası”, “Dərbənd: tarixi oçerklər” və digər kitabları elmi və hərbi ictimaiyyətə təqdim edib.
2015-ci ildə Azərbaycan Ordusundan ehtiyata buraxılandan sonra ictimai fəaliyyətlə məşğul olur. 2016-cı ildə Azərbaycan Respublikası “Dərbənd” Xeyriyyə İctimai Birliyin sədri seçilib və hazırda həmin vəzifədə çalışır. Müharibə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranıdır.