Ekspert: ABŞ-Azərbaycan yaxınlaşması müdafiə sənayesi sahəsində birgə layihələrə təkan verə bilər
Bakı, 13 fevral, Göyçək Mahmudlu, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi birləşmələrinin sayına, silah və digər hərbi təyinatlı məhsulların tələbatına görə dünyanın ən böyük dövlətlərindən biridir, ilk üçlükdə yerləşir. Bu baxımdan, Azərbaycanın bu ölkə ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı daha rentabellidir.
Bunu AZƏRTAC-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli deyib.
O xatırladıb ki, ABŞ-ın ordu birləşmələri dünyanın bir çox bölgəsində - Uzaq və Yaxın Şərq, Aralıq dənizi, Hind okeanı hövzəsi və digər istiqamətlərdə yerləşir. Həmin hərbi birləşmələrin silah-sursat və digər hərbi təyinatlı məhsullara tələbatı isə heç də hər zaman ABŞ-dan həyata keçirilmir:“Olsa belə, böyük xərc tələb etdiyinə görə bir çox hallarda müttəfiq, dost, hərbi bazalara yaxın olan ölkələrdən satınalmalarla təminat aparılır. ABŞ okeanın o tayında olmasına baxmayaraq, onun hərbi birləşmələri yaxındadır”.
Ramil Məmmədli hesab edir ki, həm bu amil, həm də “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” ölkəmizin müdafiə sənayesi sektorunun Birləşmiş Ştatlarla silah satışı sahəsində əməkdaşlığını formalaşdıra bilər. Digər tərəfdən ABŞ-ın inkişaf etmiş həm elmi-nəzəri, həm də praktik bazaya malik olan müəssisələri ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın həyata keçirilməsi mümkündür. “Bu imkan reallığa doğru gedir. Əgər ABŞ Azərbaycanla yaxın münasibətləri dərinləşdirərsə, əlbəttə ki, birgə layihələrin həyata keçirilməsi, Azərbaycanda ABŞ-la birlikdə hansısa müdafiə sənayesi məhsulunun yaradılması mümkün ola bilər. Eyni zamanda, Azərbaycan mühəndislərinin də ABŞ-da ixtisasartırma kursu keçməsi, Birləşmiş Ştatlara məxsus müasir texnologiyaları mənimsəməsi istiqamətində proseslərdə iştirakı təmin edilə bilər. Bir sözlə, bu gün ABŞ və Azərbaycan arasındakı yaxınlaşma gələcəkdə müdafiə sənayesi sahəsində birgə layihələrin formalaşmasına təkan verə bilər”, - deyə Ramil Məmmədli qeyd edib.