Azərbaycan ilə ABŞ arasında hərbi əlaqələr çox böyük perspektiv vəd edir - ŞƏRH
Bakı, 13 fevral, Nailə Həsənova, AZƏRTAC
Amerika Birləşmiş Ştatları arasında hərbi əlaqələrin yeni müstəvidə və mərhələdə inkişafı Azərbaycan üçün öz ordusunu günün tələbləri səviyyəsində qurmaq, müasir silah və sursatların ölkəmizin ordusunun arsenalına qatmaq, eyni zamanda, o silahların istismarı üçün lazım olan peşəkar kadrların hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan hazırda dünyanın 30-dan çox dövləti ilə hərbi əlaqələr qurub və bu əlaqələrin Azərbaycan Ordusunun inkişafında müstəsna təsiri var. Ordu daim fikir, mübadiləsi, eyni zamanda, təcrübə vasitəsilə inkişaf edir və həm də daim islahatlar tələb edən bir qurumdur. Həm müdafiə sənayesi istiqamətində, döyüş taktikası, strateji, həm də taktiki baxımdan müəyyən yeniliklərin tətbiqi və onların gətirdiyi öhdəliklər ordunu daim islahatlar məkanına çevirir. Azərbaycanın ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətləri onun dünya ölkələr ilə hərbi sahədə müxtəlif istiqamətlərdə qurduğu əlaqələrlə birbaşa əlaqəlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert, jurnalist İbrahim Rüstəmov deyib.
Ekspert qeyd edib ki, ordu təcrübə mübadiləsi əsasında inkişaf etdiyindən bu mənada ABŞ kimi dünyanın super gücü ilə bu sahədə qurulan əlaqələr yüksək qiymətləndirilməlidir: “Amerikanın supergüc olaraq öz mövqeyini qorumaqda, bir neçə münaqişə ocaqlarının söndürülməsində fəaliyyəti xüsusi qeyd olunmalıdır. Amerika Birləşmiş Ştatları dünyanın ən müasir ordusuna, ən yüksək texnologiyalar vasitəsilə hazırlanmış silahlarına sahib ölkədir. Bu ölkənin aviasiya sistemi, pilotsuz uçan aparatlar sistemi, hərbə aid bütün sahələrdə çox böyük imkanlara malik ölkə kimi tanınması hər kəsə məlumdur. Bu sahədə onun çox az sayda rəqibi var. Bu baxımdan Amerika Birləşmiş Ştatları ilə hərbi əlaqələrin qurulmasının özü böyük uğurdur. Bu anlamda əlaqələrin genişlənməsi, təcrübə mübadiləsinin aparılması, peşəkar hərbçi kadrlarımızın yetişdirilməsi, formalaşdırılması istiqamətdə işlərin geniş miqyas alacağı şübhə doğurmur. Biz bunun bəhrəsini görəcəyik. Fikrimcə, bu əlaqələrin artan dinamika ilə inkişafı Azərbaycan Ordusunun həyatında da yeni mərhələnin başlanğıcına səbəb olacaq”.
İ.Rüstəmov qeyd edib ki, dünyanın supergücünün hərbi qurumlarında istismarda olan ən müasir silahla tanışlıq Azərbaycan üçün öz cəbbəxanasını, kadr potensialını gücləndirmək baxımından böyük və əhəmiyyətli şansdır: Silahlar alınandan sonra o silahların taktiki-texniki xüsusiyyətlərini öyrənən, müdafiə qüdrətini, hücum, ümumiyyətlə döyüş qabiliyyətini öyrənən kadrlara ehtiyac olur. Bu kadrlar silah istehsalçılarının ölkələrində aylarla təlim məşqlərində, seminarlarda iştirak edir və döyüş qabiliyyətinə yiyələnirlər. Silahı idarə etməyi bacarmaq lazımdır. Azərbaycan Ordusu Türkiyə və İsraildə istehsal olunan pilotsuz uçuş aparatlarından, eyni zamanda, rabitə sistemlərindən, digər hərbi yeniliklərdən kifayət qədər ciddi bəhrələnib. Əlbəttə, Azərbaycanla Amerika arasında təcrübə mübadiləsi ölkəmizin silahlı qüvvələrinin müdafiə potensialını kifayət qədər artıracaq.
“Hesab edirəm ki, Azərbaycanda ordu quruculuğu məsələsinin prioritet məsələ elan edilməsi də nəzərə alınarsa, Amerika Birləşmiş Ştatları ilə hərbi əlaqələrin yeni müstəvidə qurulması ordumuzun döyüş potensialını gücləndirməsinə gətirib çıxaracaq. Bir sözlə, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında hərbi əlaqələr çox böyük perspektiv vəd edir”, - deyə hərbi ekspert əlavə edib.