İQTİSADİYYAT
Hesablama Palatası ilə Əfqanıstanın Ali Audit Ofisi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 8 oktyabr, AZƏRTAC
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Əfqanıstan İslam Respublikasının Ali Audit Ofisinin baş auditoru Muhəmməd Şərif Şərifi ilə ölkələrimizin qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində birgə əməkdaşlığının perspektivlərini müzakirə ediblər.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 9-10-da Hesablama Palatasının ev sahibliyi ilə keçiriləcək ECOSAI-ın (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumları Təşkilatı) İdarə Heyətinin 23-cü və Təlim Komitəsinin 18-ci toplantısında iştirak etmək üçün Bakıya səfərə gələn Əfqanıstan İslam Respublikasının Ali Audit Ofisinin baş auditoru Muhəmməd Şərif Şərifinin rəhbərlik etdiyi nümayəndə heyəti Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla görüşüb.
Əfqanıstan İslam Respublikasının Ali Audit Ofisinin baş auditoru Muhəmməd Şərif Şərifi iki ölkənin Ali Audit qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirib.
Görüşdə ECOSAI-ın üzv Ali Audit qurumları üçün həyata keçirdiyi tədbirlərin əhəmiyyəti vurğulanıb və tədbirin təşkilatın özü və üzv dövlətlər üçün əhəmiyyəti diqqətə çatdırılıb.