REGİONLAR
Milli Qəhrəman Səfiyar Behbudovun xatirəsi anılıb
Bərdə, 14 iyun, AZƏRTAC
Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun xatirəsi onun adını daşıyan Bərdə şəhər 6 nömrəli tam orta məktəbdə anılıb.
AZƏRTAC xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin, məktəbin və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə müharibə veteranları, Milli Qəhrəmanın ailə üzvləri, müəllim və şagirdlər iştirak ediblər.
İştirakçılar əvvəlcə məktəbin müəllimi Xizri Ələkbərovun Səfiyar Behbudovla birgə hazırladıqları qədim Bərdənin maketi və Milli Qəhrəmana həsr edilmiş guşə ilə tanış olublar. Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Etibar xanım Hüseynova bildirib ki, Vətən uğrunda canından keçən oğul və qızlarımızın xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir, xalqımız şəhidlərin ruhunu hər zaman əziz tutur. Qeyd edilib ki, Bərdə rayonu Qarabağ savaşında 300-dən çox şəhid verib. Onlardan dörd nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov bildirib ki, torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir vaxtda gənclərimizdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi dövrün əsas tələblərindən biridir. Bu baxımdan belə tədbirlərin keçirilməsi təqdirəlayiqdir.
Mərasimdə çıxış edən S.Behbudovun ailə üzvləri, müəllimləri və döyüş dostları onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Səfiyar Behbudov 1967-ci il iyunun 18-də Bərdə rayonunun Mollalı kəndində anadan olub. 1984-cü ildə Bərdə şəhər 6 nömrəli orta məktəbi bitirib, 1985-1987-ci illərdə keçmiş sovet ordusunda xidmət edib. Sonra zabitlik kursunu bitirərək leytenant rütbəsi alıb. Xocalı faciəsindən sonra Bərdə özünümüdafiə batalyonuna daxil olaraq, Tərtər-Ağdam bölgəsində gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Ağdam-Əsgəran istiqamətində, Qaraqaya deyilən ərazidə gedən döyüşlərdə azərbaycanlı əsgərləri mühasirədən qurtararaq, PDM (piyadaların döyüş maşını) ilə düşmənin üzərinə hücum edib. Qeyri-bərabər döyüşdə yaralanaraq əsir düşüb. Düşmənə sirr vermədiyi üçün işgəncə ilə öldürülüb. Bərdə rayonu Mollalı kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bir vaxtlar təhsil aldığı Bərdə şəhər 6 nömrəli orta məktəb hazırda Səfiyar Behbudovun adını daşıyır.
Tədbirdə Gənclər və İdman İdarəsinin könüllülərinin və məktəb şagirdlərinin hazırladıqları musiqili ədəbi-bədii kompozisiya nümayiş etdirilib.