MƏDƏNİYYƏT


Musiqili Teatrın solisti Belarus və Ukraynada uğurla çıxış edib

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Əməkdar artist Nərgiz Kərimova Minsk şəhərində dünya şöhrətli opera ifaçısı, Belarusun Xalq artisti Natalya Qaydanın 80 illiyi münasibətilə keçilən tədbirdə iştirak edib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, bundan başqa, N.Kərimova Ukraynanın İvano-Frankovsk şəhərində keçirilən, dünyanın 43-dən çox dövlətinin incəsənət nümayəndələrinin qatıldığı beynəlxalq “Карпатский простор” festivalında da ölkəmizi layiqincə təmsil edib. “Arşın mal alan” və “Silva” operettalarından, həmçinin, “Sindibadın qayıdışı” rok-operasından müxtəlif ariyalar ifa edən Əməkdar artistin çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

“İstər Minskdə, istərsə də İvano-Frankovsk şəhərində təşkil olunan tədbirlərdə ifa etdiyim opera partiyaları, xüsusi ilə də ana dilimizdə səsləndirdiyim Gülçöhrənin ariyası çoxmillətli auditoriya tərəfindən böyük maraqla qarşılanıb və tamaşaçılar sürəkli alqışlarla xoş hisslərini bildirdilər. Hətta Minskdəki konsert zamanı məni müşayiət edən orkestrin üzvləri də etiraf etdilər ki, Belarus Akademik Musiqili Teatrının repertuarında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası var və uğurla nümayiş olunur, lakin indiyə qədər heç vaxt belə həzin, şirin və məlahətli ifanın şahidi olmamışıq. Ölkəmizi belə mötəbər tədbirlərdə uğurla təmsil etdiyim üçün çox məmnunam və mənə bu şəraiti yaradan doğma teatrımızın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”, - deyə Nərgiz Kərimova xoş təəssüratlarını bölüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.