DÜNYA
Özbəkistan nümayəndəsi Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi statusunda vəzifəsinin icrasına başlayıb
Daşkənd, 1 yanvar, AZƏRTAC
Özbəkistan nümayəndəsi Vladimir Norov Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi statusunda vəzifəsinin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, Vladimir Norov bu vəzifədə Tacikistanın nümayəndəsi Raşid Alimovu əvəz edib. O, 2021-ci il dekabrın 31-dək bu təşkilatın baş katibi olacaq.
Vladimir Norov 1955-ci ildə Buxarada doğulub. 2006-2010-cu illərdə Özbəkistanın xarici işlər naziri olub və müxtəlif vəzifələrdə çalışıb.
Xatırladırıq ki, Şanxay Əməkdaşlıq Təşkilatının keçən il iyunun 10-da Çinin Çindao şəhərində keçirilən 18-ci zirvə görüşündə Vladimir Norov bu təşkilatın yeni baş katibi seçilib.
Hazırda Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Hindistan və Pakistan təşkilatın üzvləridir.
Belarus, Əfqanıstan, İran və Monqolustan təşkilatda müşahidəçi statusuna malikdir.
Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca və Ermənistan təşkilatın dialoq üzrə tərəfdaşlarıdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd