ELM VƏ TƏHSİL
Paytaxt məktəbliləri Brüsseldə ölkəni təmsil edəcək
Bakı, 10 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 257 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Rəcəbov və 220 nömrəli məktəb-liseyin VII sinif şagirdi Pərviz Fərzəliyev Azərbaycanda keçirilən “Avropa pul viktorinası”nın milli mərhələsinin qalibi olublar.
Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, hər iki şagird Avropa Banklar Federasiyası tərəfindən mayın 6-7-də Brüsseldə keçiriləcək “Avropa pul viktorinası”nın final mərhələsində ölkəmizi təmsil etmək hüququ qazanıb.
Qeyd edək ki, “Avropa pul viktorinası” məktəblilərin maliyyə savadlılığının artırılması məqsədilə keçirilir. Viktorinada iştirak edən 13-15 yaşlı məktəblilərə bank-maliyyə xidmətləri, pul nişanlarının emissiyası və tədavülü, rəqəmsal ödənişlər və vergilər kimi iqtisadi mövzular üzrə suallar verilir.
Azərbaycanda təşkil olunan “Avropa pul viktorinası”nın milli mərhələsi 2 turdan ibarət olub. Birinci turda viktorinada iştirak etmək üçün müraciət etmiş 500-dən çox şagirdin bilikləri qiymətləndirilib. Ən yüksək göstəriciləri olan 106 şagird növbəti tura keçirilib.
İkinci turda şagirdlər yarışın formatına uyğun olaraq iqtisadi mövzuları əhatə edən sualları cavablandırıblar.
Yekunda I, II və III yerin qaliblərinə mükafatlar, digər iştirakçılara isə müxtəlif hədiyyə və sertifikatlar təqdim olunub.
“Avropa pul viktorinası”nın milli mərhələsi Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü, Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilib.