İDMAN


“Qəbələ” - “Proqres” qarşılaşması qonaqların üstünlüyü ilə başa çatıb YENİLƏNİB

Bakı, 12 iyul, AZƏRTAC

İkinci hissəyə fəal başlayan “Qəbələ” rəqiblə müqayisədə daha üstün oyun nümayiş etdirib. Görüşün 47-ci dəqiqəsində “Qəbələ”nin heyətində Vojislav Stankoviçin cərimə zərbəsindən vurduğu top dəqiq olmayıb. Matçın 51-ci dəqiqəsində qonaq komanda Mayron De Almeydanın qolu ilə hesabı açıb – 0:1. Oyunun 61-ci dəqiqəsində Olivye Till qəbələlilərin qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi iki topa çatdırıb. Qalan dəqiqələrdə “Qəbələ”nin cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Beləliklə, matç rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, komandalar arasında cavab matçı iyulun 19-da Lüksemburqda oynanılacaq.

“Qəbələ” bu mərhələni keçəcəyi təqdirdə ikinci seçmə mərhələdə “Rabotniçki” (Makedoniya) - “Honved” (Macarıstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

X X X

20:51

“Qəbələ”-“Proqres” oyununun ilk hissəsində hesab açılmayıb. Qəbələ təmsilçisi rəqib qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, futbolçularımız bunu qola çevirə bilməyiblər.

x x x

20:04

UEFA Avropa Liqasında ölkəmizi təmsil edən “Qəbələ” futbol komandası turnirdə mübarizəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, yarışın birinci təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində “qırmızı-qaralar” iyulun 12-də Qəbələ şəhər stadionunda Lüksemburqun “Proqres” klubunu qəbul edir.

“Qəbələ”nin əsas heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Elvin Camalov, Rauf Əliyev, Asif Məmmədov, Ceyms Adeniyi, İlqar Qurbanov, Bəhlul Mustafazadə, Stiven Monroz, Ürfan Abbasov və Sabien Lilay yer alıblar.

Lüksemburq təmsilçisinin ilk onbirliyində isə meydana Sebastyan Floss, Mayron de Almeyda, Yannik Bastos, Olivye Till, Emmanuel Fransuaz, Mario Mutş, Jordan Qobron, Marven Martens, Adrian Ferino, Sebastyan Till və Tim Hall çıxıblar.

Oyunu Moldovadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Vyaçeslav Banaridir. Ona yan xətt hakimləri Vasili Yermişin və Dumitru Çiobanu kömək edirlər. Görüşdə dördüncü hakim funksiyasını Andrei Cojocaru yerinə yetirir.

Matçda “Qəbələ” komandası doğma azarkeşləri önündə sərfəli nəticə qazanmağa çalışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.