SİYASƏT


Qırğız siyasətçi: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir

Bişkek, 21 iyun, АZƏRTAC

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Deyərdim ki, türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlığın ən yaxşı nümunəsini məhz Azərbaycan və Türkiyə yaradıb. Əlaqələr mədəni-humanitar, iqtisadi sahədə fəaliyyətin genişləndirilməsindən tutmuş hərbi sahədəki əməkdaşlığa qədər müttəfiqlik münasibətlərini əhatə edir. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi siyasi və hərbi dəstək Azərbaycanın öz torpaqlarını azad etməsi istiqamətində mühüm və həlledici amildir.

Bu fikirləri AZƏRTAC-ın müxbirinə açıqlamasında “Kırqız El” Partiyasının rəhbəri, “Manas Ordo” Fondunun sədri Anarbek Usupbayev deyib.

A.Usupbayev bildirib ki, bu Qələbə təkcə 28 ildən sonra öz torpaqlarını azad edən Azərbaycanın deyil, həm də Türkiyənin, türkdilli dövlətlərin və ədalətin Qələbəsidir.

O deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya, iyunun 15-də isə Ermənistan işğalından azad edilən qədim Şuşa şəhərinə səfəri, orada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, Şuşa Bəyannaməsinin imzalanması Ermənistana və onların havadarlarına mesaj oldu.

A.Usupbayev söyləyib: “Şuşa Bəyannaməsi Qafqaz regionunda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində mühüm bir addımdır. Mənim Qars müqaviləsindən xəbərim var və bu Bəyannamə həm də Qars müqaviləsinin davamı olan tarixi bir sənəddir. Bəyannamə həm də nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa olunması istiqamətində böyük əhəmiyyət daşıyır. Azərbaycan Ermənistanı regiondakı bütün nəqliyyat-kommunikasiya dəhlizlərindən kənarda qoyub. Belə ki, Zəngəzur dəhlizinin açılması təkcə Ermənistana və Azərbaycana deyil, həmçinin Türkiyə, İran, Rusiya və digər ölkələrin iqtisadiyyatına güclü təsir göstərəcək, Şərqlə Qərbi birləşdirəcək çox mühüm dəhliz olacaq. Bu dəhlizdən isə iqtisadiyyatı bərbad vəziyyətdə olan Ermənistan daha çox qazanacaq”.

Qeyd edib ki, iyunun 20-də Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyan qalib gəlib. Heç olmasa, indi dərindən düşünmək və fəaliyyətə keçmək lazımdır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.