Gəncə Dövlət Filarmoniyasının yeni binasında ilk konsert proqramı
Gəncə, 22 dekabr, AZƏRTAC
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yeni binasında ilk konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən konsertdən əvvəl ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin baş meydanında ucalan abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Konsertin tamaşaçıları arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, xarici qonaqlar və şəhər ictimaiyyətinin nümayəndələri də olublar.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev konsertdən əvvəl çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Nizami yurduna diqqət və qayğısı nəticəsində Gəncə Dövlət Filarmoniyası üçün möhtəşəm bina tikilib. Elmar Vəliyev filarmoniyada yerli və eləcə də, dünyanın tanınmış incəsənət xadimlərinin konsertlərinin təşkil olunacağını qeyd edib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Gəncə Dövlət Filarmoniyasında ilk konsertin keçirilməsini tarixi hadisə adlandıraraq, bu münasibətlə şəhər ictimaiyyətini təbrik edib. Səfir belə gözəl binanın inşa olunmasına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətlərinə görə təltif edilmiş şəxslərə mükafatların vəsiqələri təqdim edilib.
Daha sonra konsert proqramı başlayıb. Xalq Artisti Rafael Bayramovun dirijorluğu ilə Gəncə Dövlət Kamera Orkestrinin, Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Samir Cəfərovun, Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərovanın, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, ifaçılar Samir Məmmədov, Elvin Pişnamazzadə və Həmid Məmmədovun, Rusiya Dövlət Akademik Böyük Teatrı solistlərinin ifaları səsləndirilib.
Anşlaqla keçən konsert Xalq Artisti Samir Cəfərovun ifasında “Xalq Heydər söyləyəcək” mahnısı ilə yekunlaşıb.