ELM VƏ TƏHSİL
Respublika Elmi-Texniki Kitabxanasında Gənclər Günü qeyd olunub





Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 2 fevral - Gənclər Günü münasibətilə “Uğurlu gənclik - uğurlu gələcək” mövzusunda konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, tədbiri innovasiya və inkişaf üzrə kitabxana direktorunun birinci müavini Səbinə Sultanova açaraq Gənclər Gününün Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gənclərinə göstərdiyi böyük diqqət və etimadın təzahürü olduğunu söyləyib. Qeyd edib ki, müstəqillik qazandıqdan sonra Azərbaycan gənclərinin qarşısında yeni perspektivlər açılıb. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. S.Sultanova müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti sahəsində dövlət proqramlarının, iqtisadi, elmi, sosial və digər sahələrdə müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb.
Respublika Elmi-Texniki Kitabxanasının patent və müəllif hüquqları resursları üzrə direktor müavini Mübariz Məmmədli Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə gənclər siyasəti sahəsində təşkil olunan dövlət tədbirləri haqqında təəssüratlarını bölüşüb.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu müasir dövrdə gənclər siyasəti və gənclərin ölkənin sosial, iqtisadi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə yaradılmış imkanlardan danışıb.
Konfransda “Azərbaycan gənclərinin inkişafında Heydər Əliyevin rolu”, “Azərbaycan torpaqlarının bütövlüyü uğrunda mübarizədə qəhrəman gənclər”, “Könüllü gənclərinin fəaliyyəti haqqında”, “İlham Əliyevin uğurlu gənclər siyasəti” mövzularında çıxışlar olub. Çıxış edən kitabxananın gənc əməkdaşları və könüllüləri göstərilən diqqətə və qayğıya görə dövlət başçısına təşəkkürlərini bildiriblər.
Tədbirdə “Uğurlu gənclik - uğurlu gələcək” mövzusunda videotəqdimat nümayiş olunub.