REGİONLAR
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Lənkəranda vətəndaşları qəbul edib
Lənkəran, 21 iyun, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik və Yardımlı rayonlarından olan 30 vətəndaşı qəbul edib.
Qəbuldan əvvəl general-leytenant Arzu Rəhimov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini dərin ehtiramla yad ediblər.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən, veteran adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar daha yaxın hərbi hissələrdə xidmət göstərmələri, qurumun müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul və digər məsələlərlə bağlı olub.
General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu operativ surətdə həll edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq aidiyyəti orqanlara çatdırılması üçün nəzarətə götürülüb.