CƏMİYYƏT
Şəhidlərimizin xatirəsi Bibiheybət məscidində yad olunub YENİLƏNİB
Bakı, 4 dekabr, AZƏRTAC
Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsinə həsr edilən anım mərasimi Bibiheybət məscidində də keçirilib.
AZƏRTAC xəbər verir ki, İkinci Qarabağ müharibəsində canlarından keçmiş qəhrəman oğullarımızın xatirəsi ehtiramla yad edilib. Şəhidlərimizin ruhuna dualar oxunub, namaz qılınıb.
Məscidin axundu Rahib Babayev şəhidlərimizin xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu müqəddəs amal uğrunda canını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik. İgid Vətən oğulları Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın 30 illik həsrətinə, nisgilinə son qoydular. Dövlətimiz şəhid ailələrinə və qazilərə hər zaman yüksək diqqət və qayğı göstərir. Vətən uğrunda canlarından keçən şəhidlərimizin ailələrinə və qazilərə yardım etmək, ehtiram göstərmək hər birimizin vətəndaşlıq borcumuzdur. Biz hamımız bu günləri yaşadığımız üçün çox qürurluyuq. Bu gün fəxr edirik ki, biz qalib xalqıq. Azərbaycan Prezidentimizin qətiyyəti, müdrik siyasəti, mərd və cəsur oğullarımızın qəhrəmanlığı sayəsində öz ərazi bütövlüyünü bərpa etdi. Tanrı Azərbaycanı və Prezidentimizi qorusun!
Anım mərasiminin iştirakçısı Azad Heydərov deyib ki, şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Vətənin azadlığı uğrunda şəhid olmaq hər kəsə nəsib olmur. İgid oğullarımızın ruhu qarşısında baş əyirik. Vətən müharibəsində əldə etdiyimiz Qələbə ilə qürur duyuruq. Bu möhtəşəm Zəfərə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürlərimizi bildiririk.