SİYASƏT


Vətən müharibəsində Zəfərin birinci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Milli Məclisin və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə Vətən müharibəsində Zəfərin birinci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov çıxış edərək bildirib ki, bir il əvvəl başlayan Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında səfərbər və həmrəy olan Azərbaycan işğal edilmiş torpaqlarını erməni tapdağından qurtarmaqla, həm də regionda beynəlxalq hüququ və ədaləti bərqərar edib. Natiq xalqımızı Qələbəyə aparan yolun başlanğıcından - ulu öndər Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasətindən və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi olan Zəfərə qədər keçən dövrə nəzər salıb.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən Qələbənin əhəmiyyətinə toxunan Z.Əsgərov Azərbaycan tarixinin ən parlaq səhifəsi olan bu Zəfər yolunda qarşılaşdığımız çətinliklərdən, haqsızlıqlardan bəhs edib. Bütün bunların unudulmaması, öyrənilməsi, Qələbənin yaratdığı nəticələrin qorunması üçün belə konfransların keçirilməsinin əhəmiyyətini qeyd edib.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla konfransın əhəmiyyətini vurğulayıb. Bu gün qalib xalq kimi dünyanın diqqət mərkəzində olduğumuzu, üzərimizə xüsusi məsuliyyət düşdüyünü bildirən rektor qalibiyyətin xalqın mənəviyyatında və milli şüurunda dərin iz buraxdığını deyib.

Prezident İlham Əliyevin strateji səbirlə, uzaqgörən siyasətlə, xalqa arxalanan idarəetmə ilə bu möhtəşəm Qələbənin potensial əsaslarını yaratdığını deyən Kamal Abdulla Azərbaycan dəyərlərinin, intellektinin və həqiqətlərinin azad edilmiş torpaqlarda, Qarabağda parlaq təcəssümünü tapacaq günlərin yaxında olduğuna inamını bildirib.

Sonra ADU-nun dosent və müəllimləri - Namiq Kərimov “Müstəqillik dövründə aparılmış iqtisadi siyasət qələbəmizin rəmzidir”, Bəhmən Əliyev “Vətən müharibəsində gənclərin rolu”, Mehriban Babaxanova “Azərbaycan beynəlxalq hüququn təminatçısı kimi”, Elşən Məcidov “Perspektivlər nəzəriyyəsi prizmasından Ermənistanın II Qarabağ müharibəsindən sonra rəqabətəmeyilli siyasətinin izahı”, Anar Rəhimov “44 günlük vətən müharibəsində ADU-nun informasiya savaşında iştirakı”, Rəfi Qurbanov “Zəfərə gedən yolda milli dəyərlərin rolu” mövzularında çıxışlar ediblər. Çıxış edənlər Prezident İlham Əliyevin güclü ordu qurmaqla hər bir azərbaycanlıya qələbə əzmi və inamı aşılamasından, Azərbaycan dövlətinin heç kimdən yardım istəmədən regionda tarixi ədaləti, beynəlxalq hüququ bərqərar etməsindən, Azərbaycan vətəndaşlarının, xüsusən gəncliyinin Vətən müharibəsi sınağından şərəflə çıxmasından, xalqın monolit birliyindən, əsgər və zabitlərimizin qəhrəmanlığından danışıblar.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib, şəhid ailələrinə səbir dilənib, yaralılarımıza və qazilərimizə cansağlığı arzulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.