ELM VƏ TƏHSİL
Xaricdə doktorantura təhsili almaq hüququ qazanmış tələbələrlə görüş
![Xaricdə doktorantura təhsili almaq hüququ qazanmış tələbələrlə görüş](/files/2021/2/1200x630/16248791986120245534_1200x630.jpg)
Bakı, 28 iyun, AZƏRTAC
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilləri başa çatdıqdan sonra Xəzər Universitetində pedaqoji fəaliyyətə cəlb olunmaları ilə bağlı müsabiqədən uğurla keçmiş namizədlərlə onlayn görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə proqramın şərtlərinə əsasən bağlanmış üçtərəfli müqavilənin tələblərinin icrası, doktorantların öhdəlikləri və s. kimi məsələlər müzakirə olunub.
Müsabiqədən əvvəl proqramla bağlı Xəzər Universitetinə çoxsaylı namizədlər müraciət edib, onların tədqiqat sahələri və planları ilə tanışlıq, habelə ixtisas uyğunluğunun dəqiqləşdirilməsi məqsədilə görüşlər keçirilib və uyğun namizədlərə təhsilləri başa çatdıqdan sonra universitetdə pedaqoji fəaliyyətə cəlb olunmalarına razılığı təsdiq edən məktub təqdim olunub. Müraciət edən namizədlərin 4 nəfəri müsabiqədən uğurla keçib. Müsabiqənin nəticəsinə əsasən Laləxanım Orucovanın ABŞ-ın Cənubi Florida Universitetində təhsilin idarəedilməsi, Aygün Bədəlovanın Birləşmiş Krallığın London Universitet Kollecində neyroşünaslıq, fiziologiya və farmakologiya, Osman Qarayevin Türkiyə Cümhuriyyətinin İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda iqtisadiyyat, Sərdar Əsədovun isə ABŞ-ın Tulsa Universitetində neft mühəndisliyi ixtisası üzrə doktorantura təhsilinin Dövlət Proqramı çərçivəsində maliyyələşdirilməsi qərarı verilib.