Xətai rayonunda maarifləndirmə tədbiri keçirilib
Bakı, 20 dekabr, AZƏRTAC
Xətai rayonun 55 saylı tam orta məktəbində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu ilə Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupundan məlumat verilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının aparatının, Dövlət Komissiyasının İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə üzrə İdarəsinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Bakı Şəhər Narkoloji Dispanserin, o cümlədən rayon polis şöbəsinin və prokurorluğun nümayəndələr də iştirak edərək mövzu ətrafında çıxışlar ediblər.
Çıxışlarda narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqanizminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumat verilib. Şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.