ELM VƏ TƏHSİL
Xəzər Universiteti tələbələrinə ekstremal şəraitdə psixoloji xidmətin təşkili fənninin tədrisinə başlanılıb
Bakı, 24 fevral, AZƏRTAC
Müharibədən çıxmış qalib ölkə olaraq Azərbaycanda şəhid ailələrinə, eləcə də yaxınlarını itirmiş insanlara psixoloji dəstək proqramlarının əhəmiyyəti artıb. Bu məqsədlə Xəzər Universiteti Psixologiya departamentinin təşəbbüsü ilə müvafiq ixtisas üzrə təhsil alan tələbələrə ekstremal şəraitdə psixoloji xidmətin təşkili fənni tədris edilməyə başlanılıb.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, fənnin tədrisində əsas məqsəd ölkəmizdə bu sahədə peşəkar bilik və bacarıqlara malik psixoloqların yetişdirilməsinə kömək etməkdir. Fənn tələbələrin böyük marağına səbəb olub. Tələbələr nəzəri biliklərini möhkəmləndirmək məqsədilə cəbhəyanı ərazilərdə ailələrlə həm onlayn psixoloji iş aparacaq, həm də təcrübə qazanacaqlar.