CƏMİYYƏT
Zahid Oruc: Qərbi azərbaycanlıların qaçqınlıq statusu ləğv olunmayıb
Bakı, 3 mart, AZƏRTAC
Beynəlxalq ekspert və hüquqşünasları cəlb etməklə Qərbi Azərbaycana dönüşün qanunvericilik əsaslarını formalaşdırmağa çalışmalıyıq. Unutmayaq ki, BMT qətnamələri ordumuz tərəfindən yerinə yetirilməsinə baxmayaraq, 27 il ərzində dövlətimizin və millətimizi bütün platformalarda haqlı göstərən beynəlxalq aktlar idi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri parlamentdə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda keçirilən ictimai dinləmələr zamanı söyləyib.
O bildirib ki, əslində, Qərbi azərbaycanlıların qaçqınlıq statusu ləğv olunmayıb. Lakin onu tam bərpa etmək haqqında təkliflər irəli sürərkən gəlin unutmayaq ki, o hüquq sosial yardım, humanitar imtiyaz deyil, ilk növbədə, 1988-ci ildə doğma yurdlarından didərgin düşən insanları hüquqi və siyasi baxımdan düşmənə qarşı birləşdirən haqdır.