İQTİSADİYYAT
® Benefisiarın uğuru – AQSİA-nın uğuru!
Bu il avqustun 3-də BMT-nin Qadın Agentliyi (UNWomen) və BMT Əhali Fondu (UNFPA) tərəfindən maliyyələşdirilən, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən icra olunan “Gender yönümlü və çoxtərəfli əməkdaşlıq vasitəsilə davamlı inkişaf yolunda qadınların potensialının gücləndirilməsi və iqtisadi səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində Quba-Xaçmaz regionundan olan benefisiarların monitorinqi məqsədilə AQSİA komandası səfər təşkil edib. Səfər zamanı bir sıra benefisiarların iş məkanlarına baş çəkilib.
Qubadan olan benefisiar Sahilə Əsədovanın uğur hekayəsini təqdim edirik.
S.Əsədova layihəyə qoşulduqda evdə həvəskar şirniyyatçı olmasını və bu işini gəlir gətirən bir sahə etmək istədiyini bildirib. İlk təlimi gender həssaslığı ilə bağlı idi və Sahilə bu təlimdə atası ilə birlikdə iştirak edib. Bundan sonrakı təlimlərdə də daim atası onu müşayiət edərək, ona dəstək olub.
Layihə çərçivəsində Sahilə şirniyyat üçün bir neçə avadanlıq əldə edib. Bu qələbəsi və təlimlərdə qazandığı biliklər nəticəsində, hazırladığı biznes-plan əsasında Sahilə bu işini kiçik bir biznesə çevirməyə başlayır. Marketinq təlimlərində də öyrəndiyi biliklərlə öz işini fəaliyyət göstərdiyi ərazi üzrə təşviq edir.
Artıq Sahilə evdə deyil, ayrıca bir şirniyyat sexində, əlavə 2 işçi də cəlb edərək, çox sayda xırda avadanlıq alıb və vitrinlərini bol çeşidli şirniyyatlar ilə doldurub. Bundan əlavə, Sahilə qənnadçılıq üzrə peşə ixtisası üzrə təhsil alıb və hazırda həmin peşə məktəbində tədris etmək üçün mərkəzi imtahandan uğurla keçib.
“Layihəyə qoşularkən bu qədər faydalanacağımı və layihənin həyatımı belə dəyişəcəyini güman etmirdim. Hazırda işim çox yaxşı gedir, sifarişləri çatdıra bilmədikdə, ətrafımdakı qohumlarımı da köməyə çağırıram. İşimi sevirəm, əksər reseptləri özüm yaradıram, sınaqdan keçirirəm. Müştərilərimdən məhsullarımın dadı və keyfiyyəti haqqında hər gün onlarla müsbət rəy alıram”, - deyə Sahilə Əsədova bildirib.