İQTİSADİYYAT
® Kiçik sahibkarların “Coca-Cola” zavoduna turu təşkil edilib
Kiçik sahibkarların “Coca-Cola”nın Azərbaycandakı zavoduna turu təşkil edilib. Turda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri də iştirak ediblər.
Şirkətin “Satış”, “Marketinq” və “Biznesin inkişafı” departamentinin nümayəndələri qonaqları qarşılayaraq zavodun istehsal xətti, fəaliyyəti və keyfiyyət standartları barədə onlara məlumat verib. Həmçinin KOBİA-nın “Kiçik və Orta Biznesin Dostu” departamentinin müdir müavini Eldəniz Amirov çıxış edərək biznesin düzgün təşkili və agentliyin bu sahədə gördüyü işlər barədə danışıb.
Turdan sonra “Coca-Cola Azərbaycan” tərəfindən təltifetmə mərasimi də keçirilib. Mərasimdə “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova çıxış edərək sahibkarların hər birinə uğurlu və davamlı əməkdaşlıq üçün minnətdarlığını bildirib. Daha sonra qonaqlar “Əməkdar Tərəfdaş” kateqoriyası üzrə təşəkkürnamələrlə təltif ediliblər.
Qeyd edək ki, “Coca-Cola” məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur. 400-ə yaxın işçisi olan “Coca-Cola Azərbaycan” eyni zamanda təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir. Şirkət tullantıların azaldılması, su ehtiyatının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.