® Mərkəzi Gömrük Hospitalında həkim-rezidentlər təcrübi təhsil alırlar
Mərkəzi Gömrük Hospitalının klinik bazasında rezidentura təhsili alan birinci kurs həkim-rezidentlər öz seçdikləri ixtisaslar – ümumi cərrahiyyə, ürək-damar cərrahiyyəsi, kardiologiya, radiologiya, anesteziologiya, fizioterapiya, urologiya, laboratoriya, travmatologiya və pediatriya üzrə bilik və bacarıqlarını təkmilləşdirir, klinik təcrübələrini genişləndirirlər.
Tədris prosesi Mərkəzi Gömrük Hospitalının rəisi - Baş həkimi, tibb elmləri doktoru Bəxtiyar Musayevin, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru, ürək-damar cərrahı Rəşad Mahmudovun, şöbə rəislərinin, ixtisas kuratorlarının və peşəkar həkimlərin rəhbərliyi altında həyata keçirilir. Rezidentlər müasir tibbi avadanlıqlarla işləmək, beynəlxalq klinik protokollar əsasında qərarlar qəbul etmək, diaqnostika və müalicə prosesində iştirak etməklə nəzəri biliklərini praktik təcrübə ilə birləşdirirlər.
Hazırda Mərkəzi Gömrük Hospitalında həkim-rezidentlər Ümumi Cərrahiyyə, Ürək-Damar Cərrahiyyəsi, Mama-ginekologiya, Kardiologiya, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya, Laboratoriya, Travmatologiya və Ortopediya, Pediatriya, Radiologiya, Fizioterapiya, Urologiya və Poliklinika şöbələrində fəaliyyət göstərərək müasir tibbin tələblərinə uyğun bilik və bacarıqlarını təkmilləşdirir, peşəkar inkişaf yolunda mühüm addımlar atırlar.
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkim heyəti və kuratorlarının rəhbərliyi ilə həyata keçirilən həmin təhsil prosesi həkim-rezidentlərin təcrübə toplamasına, klinik düşüncə tərzinin formalaşmasına və gələcəkdə ölkəmizdə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək yüksəkixtisaslı kadrlar kimi yetişmələrinə zəmin yaradır.
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili alan birinci kurs həkim-rezidentlərə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
Dilarə Zamanova, Mərkəzi Gömrük Hospitalının
PR üzrə mütəxəssisi