® Qaraciyər transplantasiyası ilə bağlı ekspertlərin görüşü keçiriləcək

Martın 14-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin və B.Braun şirkətinin birgə təşkilatçılığı ilə “Qaraciyər transplantasiyasında anesteziyanın və əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” mövzusunda ekspertlərin görüşü keçiriləcək.
Görüşə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektor müavini, Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədri tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirova və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasova moderatorluq edəcək.
Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Rəşad Nəsirli “Qaraciyər transplantasiyasında anesteziyanın xüsusiyyətləri”, Xəyal Məmmədov isə “Qaraciyər transplantasiyasında əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” mövzularında təqdimatla çıxış edəcək və auditoriyanı maraqlandıran suallara cavab verəcəklər.
Tədbir saat 15:30-dan 18:00-dək əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında keçiriləcək. Tədbirdə iştirak dəvətnamə əsasında olacaq.
Proqramla tanış olmaq üçün keçid.
Tədbirlə bağlı 051 232 66 64 nömrəli telefona zəng edərək əlaqə saxlamaq olar.