® “Ziraat Bank Azərbaycan” 2024-cü ilin üçüncü rübünü mənfəətlə başa vurub
“Ziraat Bank Azərbaycan” 2024-cü ilin üçüncü rübünə dair maliyyə hesabatını yayımlayıb. Hesabata əsasən bankın biznes kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz artaraq 416 milyon manat təşkil edib. Bu da bankın ölkə iqtisadiyyatına öz töhfəsini verməkdə davam etdiyinin əsas göstəricilərindən biridir.
“Ziraat Bank Azərbaycan”ın ümumi kredit portfeli üzrə də ciddi artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın kredit portfeli 24,2 faiz artaraq 444 milyon manatı keçib.
Bankın müştəriləri tərəfindən inam və etibarın qazanmasının əsas göstəricilərindən biri olan depozit portfeli üzrə də ciddi artım müşahidə edilir. Belə ki, fiziki və hüquqi şəxslərin müddətli depozitləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,5 faiz artaraq 278 milyon manatı keçib.
Yayımlanmış hesabatlara əsasən, bankın cəmi aktivləri 2024-cü ilin doqquz ayı ərzində 26.4 faiz artaraq 805 milyon manata çatıb. Bankın balans kapitalı isə 129 milyon manatı keçib.
Bankın uğurları bununla da bitmir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə “Ziraat Bank Azərbaycan”ın əməliyyat gəliri 30 faiz artaraq 23,4 milyon manatı keçib. Ümumilikdə isə bank 2024-cü ilin ilk doqquz ayı ərzində 11 milyon manat xalis mənfəət əldə edib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bankın xalis mənfəəti 6,4 milyon manat olub.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı bankın instaqram, tviter, linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.