"Molekulyar Dünya: DNT Günü" - Gənclər Forumu
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Beynəlxalq DNT Günü münasibətilə "Molekulyar Dünya: DNT Günü" Gənclər Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin nümayəndəsi Babək Əlibəyov, "Referans Medical Group"un Klinik laboratoriya şöbəsinin rəhbəri Aslıhan Dağdemir, Azərbaycan Elm və İnnovasiya Könüllülərinin nümayəndəsi Nərgiz İsmayıllı çıxış ediblər.
Akademik İradə Hüseynova ötən əsrdə elm tarixində çox böyük kəşflər edildiyini, lakin XX yüzilliyin ən əsas kəşfinin insan genomunun oxunması olduğunu bildirib. Bu da DNT molekulunun kəşfindən sonra mümkün olub. Qeyd edilib ki, 1953-cü ildə DNT molekulunun kəşf olunması növbəti kəşflərin yolunu açıb, yeni elm sahələrinin yaranmasına və inkişafına töhfə verib.
"Hər bir sahənin inkişafı gənclikdən asıldıır. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu da gənclərin institutu adlandırıla bilər. Burada işçilərin 70 faizdən çoxunu gənclər təşkil edir", - deyə İradə Hüseynova diqqətə çatdırıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Babək Əlibəyov bugünkü forumun gələcəkdə ölkəmizdə elmin inkişafına, xüsusilə molekulyar biologiya sahəsində müxtəlif təqdidatların həyata keçirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.
Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində gənclərin elmin inkişafına töhfələrinin artmaqda olduğunu qeyd edən Babək Əlibəyov Elm və Təhsil Nazirliyi və onun nəzdindəki qurumların bu istiqamətdə icra etdiyi layihələr barədə də məlumat verib.
Tədbir təqdimatlar və sual-cavab sessiyaları ilə davam edib.
Müxbir - Göyçək Mahmudlu