"Neftçi"yə iki qol vuran futbolçu: Yenilənmiş stadionumuzda qələbə qazanmaq önəmli idi
Bakı, 5 fevral, AZƏRTAC
“Möhtəşəm qələbəyə görə komanda yoldaşlarımı təbrik edirəm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Sumqayıt" klubunun hücumçusu Kazimir Ninqa Azərbaycan Premyer Liqasının XXI turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.
O, turnir cədvəlindəki mövqelər baxımından bu qələbənin vacib olduğunu bildirib: “Neftçi” yaxşı komandadır. Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda doğma meydanda bu rəqibə məğlub olmuşduq. Amma çempionat matçına tam olaraq hazır idik. Meydandan xalla ayrılmaq önəmli idi. Bunu bacardığımıza görə xoşbəxtəm".
Komandasının hər iki qolunun müəllifi olan 30 yaşlı forvard əlavə edib: "Neftçi"nin qapısına iki qol vurduğuma görə xoşbəxtəm. Əlbəttə, bu qələbədə bütün komanda yoldaşlarımın əməyi var. Ən əsas isə biz yenidənqurmadan sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən ilk oyunda qalib gəldik".
K.Ninqa arenanı tam olaraq dolduran azarkeşlərə təşəkkürünü bildirib: "Azarkeşlərimiz fantastik idi. Stadionu dolu görmək bizə əlavə motivasiya verdi. Hər oyunda bu cür dəstəyə ehtiyacımız var".
Qeyd edək ki, “Sumqayıt” hazırda 34 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.