"Skal Bakı"nın 21-ci toplantısında maraqlı təkliflər səsləndirilib
Bakı, 16 iyun, AZƏRATAC
Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyasının ("Skal İnternational") Bakı klubunun 21-ci toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə "Skal İnternational"ın fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə "Skal Bakı" klubunun rəhbəri, "Park İnn" hotelinin baş meneceri Əhməd Yaşıldağ bildirib ki, "Skal İnternational" dostluq və sülh içində davamlı peşəkar turizm fəaliyyətlərini reallaşdırmaq məqsədilə yaradılmış bir qeyri-hökumət təşkilatıdır. Qurumun təxminən 90 ölkədə 500 klubu və 15 min üzvü var. “Skal İnternational" klubları bir-biriləri ilə müxtəlif beynəlxalq toplantılarda bir araya gələrək qlobal səviyyədə turizm problemlərinə siyasətdən uzaq bir şəkildə həll axtarırlar və tapırlar.
Onun sözlərinə görə, "Skal Bakı" klubunun 34 üzvü var, bunların 23-ü aktiv üzvlərdir. 11 nəfər isə gənc skalçılardır. O, Azərbaycanın digər şəhərlərində də skal klublarının yaradılacağını bildirib.
Tədbirdə "İsr Qroup of Companies" şirkətlər qrupunun vitse-prezidenti Zəfər Tangil "Skal Bakı" klubuna yeni üzv qəbul edilib.
Sonra Əhməd Yaşıldağ "Skal Bakı"nın aprel ayındakı son toplantısından sonra görülən işlər barədə məlumat verib.
"Skal Bakı"nın fəxri başkanı Ruslan Quliyev çıxışında bildirib ki, bu klub Azərbaycanda turizm sahəsinin inkişafında və bu sahədə Türkiyə turizmçiləri ilə geniş əlaqələrin qurulmasında bir hadisədir.
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov deyib ki, Azərbaycanda skalın fəaliyyəti böyük əhəmiyyətə malikdir. Hər bir skal üzvünün xarici səfərlərində Azərbaycanın adını çəkməsi, ölkəmizi təmsil etməsi də bir təbliğatdır.
Sonda 3 nəfər "Young Skal"a üzv qəbul edilib, eyni zamanda Azərbaycan turizminin inkişafında və təbliğində fəallıq göstərən sektor təmsilçilərinə klubun təşəkkürnaməsi təqdim olunub.