Abadlıq–quruculuq işləri Zərdab şəhərinin görkəmini dəyişir
Zərdab, 9 fevral, AZƏRTAC
Zərdabda həyata keçirilən abadlıq-quruculuq işləri şəhərin görkəmini dəyişir. Təkcə son bir ildə koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, şəhərdə bu istiqamətdə xeyli iş görülüb. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, ümumi sahəsi 1,1 hektar olan Həsən bəy Zərdabi parkı yenidən qurularaq istifadəyə verilib. Burada sahəsi 500 kvadratmetr olan uşaq əyləncə mərkəzi yaradılıb, 200 kvadratmetrlik fontan kompleksi inşa edilib. Milli mətbuatımızın banisi, təbiətşünas alim Həsən bəy Zərdabinin heykəlinin postamenti və ətrafı mərmər daşlarla üzlənib. Şəhərin Heydər Əliyev prospektində uzunluğu 1,2 kilometr olan səkilər yenidən qurulub və yaşıllıqlar salınıb. Heydər Əliyev parkında yaşıllıqların suvarılması üçün 500 metr uzunluğunda su xətti çəkilib. Habelə, Füzuli küçəsində yağış sularının axıdılması üçün 460 metr məsafədə beton kanal tikilib, Heydər Əliyev prospektinə, C.Cabbarlı, M.F.Axundov küçələrinə və 10-cu məhəllədə kommunal əraziyə ümumilikdə 19 min 675 kvadratmetr asfalt örtüyü vurulub.