Abdulla Şaiqin “Türk çələngi” kitabı ətrafında düşüncələr
Bakı, 7 mart, AZƏRTAC
XX əsr Azərbaycan pedaqoji fikir tarixində imzası olan şəxsiyyətlərdən biri – Abdulla Şaiq türkçülük əhvali-ruhiyyəsi ilə xalqına xidmət edib. O, yaradıcılığının müxtəlif mərhələlərində 11 adda ədəbiyyata, 4 adda Azərbaycan dilinin qrammatikasına dair dərslik hazırlayıb. Dərsliklər Azərbaycan Xalq Cümhuriyyəti dövründə yüksək dəyərləndirilib. “Gülzar”, “Uşaq gözlüyü”, “Türk çələngi”, Hüseyn Cavidlə birgə yazdığı “Ədəbiyyat dərsləri” kitabları Maarif Komissarlığının qərarı ilə ikinci dəfə çapdan çıxıb, məktəblərdə dərslik kimi istifadə olunub.
AZƏRTAC AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə “Türk çələngi”dərsliyi ilə bağlı qeydlərini təqdim edir.
“Türk çələngi” dərsliyi müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinın fəaliyyəti dövründə hazırlandığı üçün XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və ədəbi həyatına nəzər salmaq zəruridir.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan ictimai fikrinin ən görkəmli nümayəndələri, mütəfəkkir Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu Peterburq Baş Mətbuat İdarəsinə ərizə ilə müraciətlə “Həyat” adlı qəzet nəşr etmək istəyini bildirdilər (16 aprel 1905). Xeyriyyəçi Hacı Zeynalabdın Tağıyevin böyük nüfuzu sayəsində Qafqaz canişini Vorontsov-Daşkov qəzetin nəşrinə icazə verdi (22 aprel 1905). Milli ictimai-siyasi fikrin üç nəhəngi - Əlimərdan bəy Topçubaşov (naşir), Əhməd bəy Ağaoğlu (redaktor) və Əli bəy Hüseynzadə (redaktor) “Həyat” qəzetinin təməlini qoydu və Azərbaycanda mətbuatı xalqın tribunasına çevirdi. Bu tribunadan millətin kimliyini, tarixini, dilini xalqına bəyan etdi: “Bilirsiniz, türklər kimdir və kimlərdən ibarətdir”? məqalə birmənalı qarşılanmadı. Rusiyanın Qafqazdakı vəkili “türk” sözünün “tatar”la dəyişdirilməsini tələb etdi. Əli bəy nəinki bunu dəyişdirmədi, əksinə, məsələnin nə qədər əhəmiyyətli olduğunu bir daha vurğuladı: “Biz ki türk oğlu türküz, biz ki millətlərin ən qədimi və ulusuyuz!” izlədiyi ideologiya səbəbindən “Həyat” qəzetinin nəşri dayandırılsa da, qısa müddət sonra Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi və Ə.Hüseyinzadənin redaktorluğu ilə “Füyuzat” (1906-1907) dərgisi nəşr edildi. Dərgi eyni ideologiyanı təqib etdi. Azərbaycan mətbuatı (“Füyuzat” dərgisi), Füyuzat ədəbi məktəbinin yaranmasına öncüllük etdi. Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq və başqaları bu məktəbin təmsilçiləri idi.
Bütün fəaliyyətində: şeirlərində və dərsliklərində türkçülük, dil birliyi, ədəbiyyat birliyi ideologiyasını təqib etmiş füyuzatçılar hərəkatına mənsub yaradıcı şəxsiyyətlərdən olan A.Şaiqin əsərlərində “türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək)” konsepsiyasının ifadə olunması normaldır. Bu dəyərlərdən çıxış etməsi, ortaq dil, din, tarix, mədəniyyət, gələcək tale barədə düşüncələri onu Turan coğrafiyasına bağlayır və “Dildə, fikirdə və əməldə birlik” (İsmayıl Qaspıralı) ideyasının daşıyıcılarından biri kimi təqdim edir. Ümumtürk tarixinə, dilinə, ədəbiyyatına, onun tədqiq və tədrisinə böyük əhəmiyyət verən A.Şaiq bu işi ədəbiyyata dair dərsliklərində, publisistik yazılarında, nəsr, dramaturgiya və poeziyasında ardıcıl və sistemli şəkildə davam etdirirdi.
A.Şaiqin bütün dərslikləri əhəmiyyətli və qiymətlidir, bunların ikisi Azərbaycan Xalq Cümhuriyyəti Maarif Nazirliyinin nəşr etdirdiyi “Ədəbiyyat dərsləri” (H.Cavidlə birgə, 1919) və “Türk çələngi” (1919) siyasi və elmi müstəvidə xüsusi əhəmiyyətə malik dərsliklərdir. Bu dərsliklər Cümhuriyyətin yürütdüyü siyasəti özündə əks etdirir.
Cümhuriyyət dövründə nəşr olunan ilk milli dərsliklər, o cümlədən Abdulla Şaiqin “Türk çələngi” və “Ədəbiyyat dərsləri” ortaq türk dili, ortaq türk ədəbiyyatı və ortaq türk mədəniyyəti ideologiyasına xidmətə köklənmişdi. Azərbaycan ədəbi-tənqidi fikrimizin patriarxı Yaşar Qarayev Azərbaycan ədəbiyyatı və Osmanlı-türk nümunələri əsasında pedaqoji fəaliyyəti sintez şəklində bir-birini tamamlayan A.Şaiq haqqında yazırdı: “Abdulla Şaiq şair ikən də müəllim, müəllim ikən də şairdir... Şeirdə də, tərbiyədə də məqsədi gəncliyin mənəvi çırağını alışdırmaq idi. Şair öz şeirlərini ilk əvvəl dərsliklər üçün yazır, pyes və hekayələrini ən əvvəl tərbiyəvi-əxlaqi bir niyyət və qayə naminə qələmə alırdı”. Bu fikri A.Şaiqin bütün dərsliklərinə aid etmək olar.
A.Şaiqin 1919-cu ildə tərtib və çap etdirdiyi “Türk çələngi” dərsliyində Əlabbas Müznib, Bürhanəddin, Əhməd Hikmət, Məhəmməd Əmin Yurdaqul, Hüseyn Cavid, Ziya Göyalp və digər şair və yazıçıların şeir və hekayələri verilmişdi. Burada toplanan bütün hekayə və şeirlərdə, o cümlədən “Vətən torpağı”, “Altun ordu”, “Sancaqdar”, “Qanın üsyanı”, “Azərbaycan”, “Bayrağım”, “Vətən yanğısı”, “Altun ordu”, “Yeni ay doğarkən” və s. əsərlərdə türk qəhrəmanlığı tərənnüm olunur, türk yurdunun indiki zamanda başına gələn fəlakətlər yada salınırdı. Bütövlükdə A.Şaiqin tərtib etdiyi dərsliklərin yeni ziyalı nəslinin türk ruhunda formalaşmasında böyük əməyi olub, “Türk ədəmi-mərkəziyyət Müsavat-Marş”da “Birləşəlim, türk oğlu, bu yol millət yoludur”, - deyə xalqı birliyə çağırıb.
“Ədəbiyyat dərsləri” kitabı da Azərbaycanda ədəbiyyat nəzəriyyəsi sahəsində məlum olan ilk dərslik kimi əhəmiyyətlidir.
Cümhuriyyətin yürütdüyü siyasətə, ortaq türk dili, ortaq türk ədəbiyyatına uyğun olaraq hazırlanmış dərslik konkret mövzulara ayrılıb, bölmələr içərisində qısa və aydın məlumat verilib, izah olunan mövzulara bədii mətnlərdən nümunələr əlavə edilib. Dərsliyə adları göstərilən türk şair və yazıçılarının əsərlərindən nümunələr və parçalar salınıb. Dərslikdə nəzəri mövzular daxilində izah və nümunə məqsədilə Osman Qazinin, Nəfinin, Nədimin, Şinasinin, Qoca Raqib Paşanın, Ziya Paşanın, Ali Canibin, Əbdülhəqq Hamidin, Məhəmməd Əmin Bəyin, Tevfiq Fikrətin, Rza Tevfiqin şeirlərindən nümunələr verilib, Mövlana Cəlaləddin Ruminin, Əşrəfin, Xalid Ziyanın, Hüseyn Rəhminin, Xalidə Ədibin əsərlərinin adları çəkilib, “Mavi və siyah” (Xalid Ziya Uşaqlıgil), “Mətrəs” (Hüseyn Rəhmi), “Mövlud həkim” (Xalidə Ədib) romanlarının qəhrəmanları haqqında məlumat verilib, Məhməd Əmin Bəylə Tevfiq Fikrətin yaradıcılığına istinadlar olunub. “Ədəbiyyat dərsləri”ndə Azərbaycan şair və yazıçılarından Füzulinin, Seyid Əzim Şirvaninin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin və Sabirin adı çəkilsə də, yalnız Füzulinin şeirlərinə istinad olunub, komediyadan bəhs edilərkən janra nümunə olaraq M.F.Axundzadənin “Hacı Qara” əsəri göstərilib, yeni ədəbiyyat məsələlərindən bəhs edilərkən qərbli müəlliflərin də adı çəkilib.
Beləliklə, filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Arzu Əhməd Hacıyevanın böyük əziyyət bahasına transfoneliterasiya edərək nəşr etdirdiyi “Türk çələngi” dərsliyi əhəmiyyətlidir, günümüzdə aktuallıq kəsb edir. “Türk çələngi” dərsliyi A.Şaiqin türklük düşüncələrinin təqdimidir. A.Şaiq, böyük sevgi, məhəbbət və diqqətlə bu çələngin içərisinə Turan adlı məmləkətin şair və yazarlarını toplayaraq bütövləşdirib. Bu çələngin (Turanın) içərisində Turan adlı məmləkətin şair və yazıçıları eyni dildə danışan tək millətdir, birdir, birlikdir.