Abid Şərifov: Bayılda məskunlaşan 97 ailəyə birdəfəlik kompensasiya verilməsi nəzərdə tutulub VİDEO
Bakı, 4 aprel, Elvin Camalov, AZƏRTAC
Paytaxtın Bayıl zonasında məskunlaşan 97 ailəyə birdəfəlik kompensasiya verilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bayıl zonasında yerləşən 97 evdən 6-sı artıq tamamilə dağılıb. Bu evlər orada yaşayan ailələrin köçürülməsindən 2 gün sonra dağılıb. Ailələr zamanında köçürülməsə idi ağır faciənin şahidi ola bilərdik. Bayıl zonasında yerləşən 97 ev üçün birdəfəlik kompensasiyanın verilməsi nəzərdə tutulub. “Kompensasiya kvadratmetrə görə hesablanacaq, lakin “Sovetski” adlanan ərazidəki kimi yox. Buna səbəb isə Bayıl zonasındakı 97 ev qanunsuz tikilib və sənədləri yoxdur. Buna görə də ödəniləcək vəsaitin miqdarı hazırda məlum deyil. Köçürülən ailələrə isə bu ilin sonunadək kirayə haqqı veriləcək”, - deyə A.Şərifov bildirib.
Baş nazirin müavini qeyd edib ki, Nazirlər Kabineti 3 il əvvəl sürüşmə zonaları ilə bağlı qərar verib. İstər Abşeronda, istər Azərbaycanın başqa bölgələrində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri tərəfindən sürüşmə zonaları müəyyən edilib və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Tapşırılıb ki, sürüşmə zonalarında, o cümlədən Bayıl zonasında tikinti aparmaq olmaz.