ABŞ-da çıxan ispandilli “La Opinion” qəzeti AJR 32 birgə qətnaməsinin mənasızlığından yazır
Vaşinqton, 14 oktyabr (AZƏRTAC). ABŞ-da çıxan ispandilli “La Opinion” qəzetində Amerikanın tanınmış siyasi şərhçisi Ceyson Katsın “Kaliforniya qanunvericiliyinin prioritetləri: iş yerləri, su təchizatı, immiqrasiya, iqtisadiyyat problemləri... Və xarici siyasət?” sərlövhəli məqaləsi dərc olunub (http://www.laopinion.com/blogs-prioridades-legislativas-california-politica-exterior). Qeyd edək ki, “La Opinion” qəzeti ABŞ-ın ispandilli əhalisi arasında ən populyar qəzet, qanunvericilər ilə administrasiyanın təyin etdiyi, əslən Latın Amerikasından olan vəzifəli şəxslər arasında siyasi müzakirələr platformasıdır. Müəllif müqəddimədə ştatın tez-tez məruz qaldığı quraqlıq nəticəsində suvarma üçün su çatışmazlığından və kənd təsərrüfatı sahəsinin digər ehtiyaclarından yazır. Kaliforniyalıları narahat edən bu məsələlərlə yanaşı, ştatda immiqrasiya problemləri də mövcuddur. C.Kats yazır ki, ştatda haqqında danışılan və digər problemlər mövcuddur. Kaliforniya qanunvericiləri həmin problemlərin həlli ilə məşğul olmaqdansa, yerli parlament nədənsə ştatın daxili işlərindən uzaqlaşıb, “Birləşmiş Ştatların xarici siyasətinin qurulması” məsələlərinə baş qoşur və bunu Amerikanın öz maraqlarının ziddinə edir.
Müəllif yazır ki, Kaliforniya ştatının nümayəndəsi Mayk Qatto bu ilin əvvəlində ştatın (assambleya və Senatın) Dağlıq Qarabağdakı qeyri-leqal separatçı rejimi tanımağa çağıran 32 (AJR 32) nömrəli birgə qətnaməsinə lobbiçilik etməyə başlayıb. C.Kats vurğulayır: “Kaliforniya ştatının Konstitusiyasına və Birləşmiş Ştatların Konstitusiyasına görə, Kaliforniya ştatının dövlətin xarici siyasətini yeritmək üçün nə aşkar, nə də dolayı səlahiyyəti yoxdur. ABŞ Konstitusiyasına görə, əslində, bu səlahiyyət təkcə federal icra hakimiyyətinə verilib”.
C.Katsın yazdığına görə, assambleya üzvlərinin çoxu etiraf edib ki, nəyə səs verdiklərini bilməyiblər. Qəbul edilmiş qətnamənin Kaliforniya üçün mənasız olduğunu vurğulayan müəllif yazır ki, qətnaməni təqdim edən ştat Senatının prezidenti Kevin de Leon, görünür, qanunun yol vermədiyi bir işlə məşğuldur və bütün bunlar Kaliforniya vergi ödəyicilərinin vaxtı və vəsaiti hesabına baş verir.
Daha sonra C.Kats yazır ki, bu qətnamə ştatın erməni icmasının növbəti “sənət əsəridir”. Doğrudur, ABŞ qanunları qanunvericilərin seçki kampaniyasına maliyyə dəstəyi etməyə imkan versə də, bəzi qanunvericilər hətta özlərinə əziyyət verib aydınlaşdırmayıblar ki, ştatın qanunlarına və ABŞ-ın maraqlarına uyğun olaraq belə qətnamələr qəbul etmək səlahiyyətləri varmı?
Müəllif vurğulayır ki, Sovet İttifaqının dağıldığı illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış regionudur. Hazırda orada yalnız ermənilər yaşayır, bu isə Dağlıq Qarabağda və ətraf yeddi rayonda azərbaycanlıların etnik təmizləməyə və kütləvi qətllərə məruz qalmasının nəticəsidir. Azərbaycanlılar qaçqına və məcburi köçkünə çevriliblər. Müəllif soruşur: “Senatorlarımız bunumu dəstəkləyir?”
Müəllif sonda yazır ki, Dağlıq Qarabağdakı qeyri-leqal rejimin müstəqilliyini nə ABŞ, nə Avropa İttifaqı, nə də BMT tanıyır. Onu hətta Ermənistan tanımır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton