ABŞ-dakı aktiv qazma qurğularının sayı artıb
Bakı, 3 aprel, AZƏRTAC
Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı artır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 13 ədəd artaraq 430 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 234 ədəd geriləyib.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 13 ədəd artaraq 337 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 225 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə bir ədəd azalaraq 91 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 9 ədəd geriləyib. Müxtəlif təyinatlı qazma qurğularının sayı 2-dir.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2020-ci ilin avqustunda isə minimuma - 244-ə düşüb.