ABŞ-dakı qazma qurğularının sayı 266-ya düşüb
Bakı, 20 iyun, AZƏRTAC
Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 13 ədəd azalaraq 266 olub. Bu, son 4 ilin minimum göstəricisidir. Qazma qurğularının sayı ardıcıl 15-ci həftədir ki, azalır. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 701 ədəd geriləyib.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 10 ədəd azalaraq 189 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 600 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə 3 ədəd azalaraq 75 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 102 ədəd azalıb. İki qazma qurğusu isə müxtəlif təyinatlı olub.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma - 316-ya düşüb.