ABŞ KUBADA DEMOKRATİYA QURMAQ ÜÇÜN FİDEL KASTRONUN VƏFATINI GÖZLƏYİR
Komissiya ABŞ hökumətinə Kubaya genişmiqyaslı humanitar yardıma Fidel Kastronun vəfatından uzağı iki həftə sonra başlamağı məsləhət görür. Kubaya yardım hakimiyyətə Kastronun əvvəlcədən təyin etdiyi varisin gəlib-gəlməyəcəyindən asılı olmayaraq göndərilməlidir. Planı hazırlamış ekspertlərin fikrincə, səhiyyə və əhalinin təmiz içməli su ilə təmin edilməsi layihələri başlanğıc mərhələdə daha yaxşı nəticə verəcəkdir. Humanitar layihələr kubalılara demokratik inkişaf yolunu seçməkdə kömək etməlidir.
Bundan başqa, ümumi azad seçkilər keçirilməsini təmin etmək üçün ABŞ ekspertləri Kastronun vəfatından sonra bir ay ərzində Kubaya getməlidirlər. Planda Kubaya ABŞ-da hazırlanmış hakimlər və polis əməkdaşları da göndərilməsi nəzərdə tutulur.
Sənədin müəllifləri hesab edirlər ki, bütün bu şərtlər yerinə yetirilərsə, Kastronun vəfatından 180 gün sonra Kubada hakimiyyətə demokratik hökumət gəlməlidir.
Komissiya Ağ evə kubalılara demokratiyanı seçməkdə kömək göstərmək və onların öz qərarından məyus olmaması üçün Kastronun vəfatından sonra ilk iki ildə 80 milyon dollar xərcləməyi tövsiyə edir.