ABŞ ORDUSU “ÖLDÜRMƏYƏN” LAZER TÜFƏNGİNİ SINAQDAN ÇIXARIR
Hərbi Hava Qüvvələrinin Nyu-Meksiko ştatındakı tədqiqat laboratoriyasında hazırlanmış yeni tüfəngin iki eksperimental nümunəsi sınaqların davam etdirilməsi üçün Texas və Virciniya ştatlarındakı hərbi bazalara göndərilmişdir. Müdafiə Nazirliyinin fikrincə, bu silahdan məsələn, yollardakı blok postlardan keçən şübhəli şəxslərin gözlərini qamaşdırmaq üçün istifadə etmək olar.
ABŞ-ın hərbi laboratoriyalarında lazer silahı 10 ildən də çox əvvəl layihələşdirilmişdir. “Sabre-203” adlandırılan qurğu adi silahın lüləsinə bərkidilir və 300 metrdən artıq məsafəyə azgüclü lazer şüası buraxırdı. ABŞ qoşunları bu silahdan 1995-ci ildə Somalidə istifadə etmişlər. Lakin sonralar onun tətbiqindən imtina olunmuşdur, çünki lazer silahının səmərəliliyinə və təhlükəsizliyinə şübhə yaranmışdı.
1995-ci ildə lazer silahı BMT-nin “Gözqamaşdırıcı lazer silahları haqqında protokol” adlanan konvensiyası ilə qadağan olunmuşdur. Buna baxmayaraq, protokol adamın gözlərini ancaq bir müddət qamaşdıran lazerlərdən istifadəni qadağan etmir.
Bredsford Universitetinin (Böyük Britaniya) öldürməyən silahların tədqiqi layihəsinin eksperti Tobias Fikin “Nyu sayentist” jurnalına müsahibəsində demişdir: “Keçmişdə bu cür lazerlərlə bağlı problem bundan ibarət idi ki, onlar adamları həmişəlik kor edirdi. Görünür, azgüclü lazer silahı uzunmüddətli dağıdıcı effekt göstərmir”.
Bredford Universitetinin digər eksperti Nil Devidsonun fikrincə, İraqda vəziyyət ABŞ-ı öldürücü olmayan lazer silahları hazırlanmasını sürətləndirməyə sövq edə bilər. O demişdir: “ABŞ İraqdakı blok postlarda oraya sürətlə yaxınlaşan sürücülərin gözlərini qamaşdırmaq üçün parlaq işıq şüalarından artıq istifadə edir”.
Bir neçə ölkə belə silahlar yaradılması üzərində işləyir. Lakin hətta azgüclü lazer şüaları yaxın məsafədən və ya uzun müddət ərzində istifadə edildikdə də gözün zədələnməsinə səbəb ola bilər. Yeni silahda təhlükəsizlik problemi hədəfədək məsafəni avtomatik surətdə müəyyənləşdirən və şüanın gücünü müvafiq qaydada tənzimləyən sensordan istifadə sayəsində həll ediləcəkdir. Bundan başqa, xüsusi süzgəc müəyyən dalğaları da buraxmayacaqdır.