ABŞ özünün rəhbər tutduğu prinsiplərin heç birinə əməl etmir
Bakı, 7 mart, AZƏRTAC
ABŞ hökumətinin göstərişinə əsasən ərəbdilli “Əl-Alam” informasiya saytının sosial şəbəkələrdəki səhifələri bloklanıb ki, bu da 1948-ci ildə qəbul edilən “İnsan hüquqları haqqında ümumi Bəyannamənin 19-cu maddəsinə ziddir. Həmin maddədə deyilir ki, “Hər bir şəxs fikir azadlığına və onu ifadə etmək hüququna malikdir”.
AZƏRTAC xəbər verir ki, bu barədə açıqlama verən saytın rəhbərləri ABŞ-ı söz və fikir azadlığı prinsiplərinə əməl etməməkdə ittiham ediblər. ABŞ-ın kiberməkanı nəzarətində saxlayaraq istədiyi kontenti bağlaması söz və fikir azadlığı prinsiplərinə ziddir.
Hələ 2020-ci ildə feysbuk və X (əvvəllər Twitter) sosial şəbəkələrində izləyicilərinin sayı artdığı üçün “Əl-Alam”ın səhifəsi bağlanmışdı.
Qeyd etmək lazımdır ki, adıçəkilən sayt ABŞ ordusunun dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi qəddar əməliyyatlar barədə məlumatlar paylaşırdı. Bildirilirdi ki, bu hərbi əməliyyatlar zamanı heç bir təqsiri olmayan minlərlə sıravi insan öldürülür, ailələr dağılır, əhali məcburi olaraq qaçqın vəziyyətinə düşür.