ABŞ Ukraynaya iqtisadi və hərbi yardım göstərməyə davam edəcək
Kiyev, 2 fevral, AZƏRTAC
Amerika Birləşmiş Ştatları Ukraynaya dəstəyini davam etdirir və korrupsiyanın kökünün kəsilməsi, habelə hüquqi və iqtisadi cəhətdən inkişaf etmiş dövlətin qurulmasına yönəlmiş gələcək islahatların həyata keçirilməsini diqqət mərkəzində saxlayır.
AZƏRTAC Ukrinform-a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasındakı söhbətin nəticələrinə görə verilən açıqlamada deyilir.
“Dövlət katibi Ukraynaya güclü ikipartiyalı dəstəyə, həmçinin ABŞ-ın Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və Avratlantik istəklərinə verdiyi prioritetə diqqət yetirildiyini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.
Dövlət Departamentinin rəhbəri, həmçinin ABŞ-ın Ukraynaya iqtisadi və hərbi yardım göstərməyə davam edəcəyinə əminliyini bildirib.
“Dövlət katibi Blinken Ukraynanın korrupsiyaya qarşı mübarizədə irəliləməsinin davam etdirilməsinin və hüququn aliliyinin və iqtisadi islahatların təmin edilməsinin vacibliyini vurğulayıb ki, bu da öz növbəsində Ukrayna qurumlarını gücləndirəcək və bütün ukraynalılar üçün parlaq və firavan gələcəyi təmin edəcək”, - deyə Dövlət Departamentində bildiriblər.
Bundan əlavə, diplomatik departamentlərin rəhbərlərinin Ukraynanın COVID-19 ilə mübarizədə göstərdiyi səyləri və digər məsələləri müzakirə etdikləri qeyd olunur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev