ABŞERON RAYONUNDA GƏNCLƏR GÜNÜ QEYD EDİLMİŞDİR
Respublikamızda qeyd edilən Gənclər günü münasibətilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov fevralın 2-də rayonun əməkdə, təhsildə, yaradıcılıqda və idmanda fərqlənmiş gəncləri ilə görüşmüşdür. O, görüş iştirakçılarını bayram münasibətilə təbrik edərək bu yaxınlarda 45 illiyi qeyd olunmuş rayonun uğurlarından söhbət açmışdır. Təkcə son iki ildə Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə 60 nəfər yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülmüşdür. Rayonun rəhbəri qeyd etmişdir ki, bütün bunlar ölkə Prezidenti İlham Əliyevin Abşeron rayonuna və onun sakinlərinə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.
Z.Fərəcov daha sonra bildirmişdir ki, gənclərin keçən il verdiyi tapşırıq yerinə yetirilmişdir. Şəhər parkında rayonun müasir Gənclər evi tikilmişdir və artıq buraya gələnləri qəbul etməyə hazırdır. Cari ildə isə idman kompleksi də tikiləcəkdir. Natiq əmin olduğunu bildirmişdir ki, gənc nəsil burada yaradılanlara qayğı ilə yanaşacaq və rayonun şöhrətini artıracaqdır.
Görüşdə çıxış edənlər orta məktəb şagirdləri üçün əlverişli şərait yaradılmasına, idmançılara maliyyə dəstəyi göstərilməsinə və ümumiyyətlə gənclər hərəkatının inkişafına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda bir qrup gəncə fəxri fərmanlar və pul mükafatları təqdim edilmişdir.