Abşeronda “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində maarifləndirmə tədbirləri keçirilib
Xırdalan, 11 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizdə məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illərdə Milli Fəaliyyət Planının müvafiq bəndi üzrə 25 noyabr - 10 dekabr tarixlərində “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində silsilə maarifləndirmə tədbirləri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş tədbirlərdə Abşeron Rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq” üzrə monitorinq qrupunun sədri Gülnar Rəhimova tərəfindən iştirakçılara Milli Fəaliyyət Planı üzrə aparılan işlər, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığının qarşısının alınması ilə bağlı sosial tədbirlərin görülməsi sahəsində maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə məlumat verilib.
Tədbirlər çərçivəsində mövzu üzrə iştirakçılar arasında sorğular və müzakirələr aparılıb, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış bukletlər paylanılıb, videoçarxlar nümayiş etdirilib.