CƏMİYYƏT
Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb VİDEO
Bakı, 27 noyabr, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan və narkokuryerliyə cəlb edilən şəxslərə qarşı silsilə tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan – əvvəllər məhkum edilmiş Faiq Xudiyev Xırdalan şəhəri ərazisində saxlanılıb. Onun üzərindən və avtomobilindən 4 kiloqrama yaxın heroin və psixotrop maddə metamfetamin, eləcə də narkotiklərin satışında istifadə edilən elektron tərəzilər aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Cəlilabad rayonunda əvvəlcədən müəyyənləşdirilən yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb.
İdarə əməkdaşları tərəfindən son 15 gün ərzində həyata keçirilən digər tədbirlərlə narkotiklərin satışını təşkil edən əvvəllər dəfələrlə məhkum olunmuşlar Rəhman Məmmədov, Sənan Rüstəmov, Aqşin Qubanov, Natiq Ağamirzəyev, Telman Cəfərov, Nicat Həkimov, Fərid Süleymanov və Rövşən Süleymanov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 10 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, tiryək, psixotrop maddə metamfetamin, eləcə də 150 ədəd metadon və preqabalin həbləri, həmçinin elektron tərəzilər aşkar edilib.
Abşeron rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.