Abşeronda tibb işçilərinin peşə bayramı qeyd edilib
Xırdalan, 16 iyun, Ə.Rzayeva, AZƏRTAC
Xırdalandakı Heydər Əliyev Mərkəzində 17 İyun - Tibb İşçilərinin Peşə Günü münasibətilə “Heydər Əliyev və müasir Azərbaycan səhiyyəsi” adlı tədbir keçirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə reallaşan tədbirdə TƏBİB-in nümayəndələri də iştirak edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin Xırdalan şəhərində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Mərkəzin akt zalında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Liderin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı film nümayiş olunub.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Abşeron Rayon Mərkəzi Xəstəxanasının tibbi sığorta mütəxəssisi, şəhid -leytenant İlqar Vəliyevin yoldaşı Təhminə Vəliyeva çıxış ediblər.
Natiqlər Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıb, səhiyyə sahəsində apardığı islahatlardan bəhs ediblər. Bildirilib ki, Ümummilli Liderin bu sahəyə diqqət və qayğısının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində müasir Azərbaycan səhiyyəsi dünya standartlarına cavab verəcək səviyyədə qurulub.
Ölkədə İcbari tibbi sığortanın tətbiqi ilə vətəndaşların TƏBİB-in istənilən tibb müəssisəsində “xidmətlər zərfi” çərçivəsində ödənişsiz şəkildə tibbi xidmətlərdən yararlandığı, həmçinin hər sahədə olduğu kimi, tibb sahəsində də şəhid ailələrinə və qazilərə böyük diqqətlə yanaşıldığı qeyd edilib.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Allahverdiyev cari ilin statistik göstəricilərini diqqətə çatdırıb.
Sonra tədbir iştirakçılarına Abşeron Rayon Mərkəzi Xəstəxanasının təqdimat videoçarxı təqdim edilib.
Daha sonra bir qrup tibb işçisi təltif olunub.